İnsanlar əksər hallarda əmək haqlarının bazara uyğun olub-olmaması ilə bağlı təsəvvürlərə malik olmurlar və bu işəgötürən üçün riskdir.
Bu qənaətə kompensasiya məsələləri ilə məşğul olan “PayScale” kompüter şirkəti 71 min işçi arasında keçirdiyi sorğudan sonra gəlib. Sorğunun nəticələrinə görə, orta və daha yüksək əmək haqqı alanların əksəriyyəti hesab edir ki, onlara az maaş verilir. Az əmək haqqı aldığını hesab edənlərin 60%-i getməyə hazırlaşdıqlarını deyiblər. Çox əmək haqqı aldıqlarını güman edənlərin 39%-i başqa iş yerinə üz tutmaq qərarına gəldiklərini bəyan ediblər (Ehtimal ki, yenə nəsə onların xoşlarına gəlmir).
İşəgötürənlər üçün nəticə aydındır: işçilərinizin əmək haqları rəqabətlidirsə, bu faktı onların diqqətinə çatdırın. Əgər əmək haqqı bazardakından aşağıdırsa, işçilərinizə səbəbləri izah edin: sorğunun nəticələri göstərir ki, bu halda səmimilik işdən çıxmaq istəyənlərin sayını azalda bilər.