Yuxu iş həyatımıza necə təsir edir?

NASA, Google və Samsungda işləyənlərin ortaq nöqtələri nədir?

Bu şirkətlər işçilərinin keyfiyyətli işlər görməsi məqəsdilə onların iş arası istirahətini təmin edirlər. Bunlardan ən əsası isə qısa müddətli yatmaqdır. İşçilər yuxu kapsulalarında müəyyən müddət mürgüləməklə öz istirahətlərini təmin edir, eləcə də göz və beyinlərinin yorğunluğunu qısa müddətlik aradan qaldıra bilirlər.

Yuxu kapsullarının yaradıcısı “MetroNaps” şirkətidir. Şirkət hüquqi şirkətlərə, idarəetmə məsləhətxanalarına və havayollarına öz məhsullarını tədarük edir.

İşçilər işdə, xüsusi hazırlanmış yuxu kapsulunda mürgüləyə bilərlər. Mühəndisler, proqramçılar və astronavtlar eyni vaxtda 20 dəqiqə müddətində kapsula uzana bilər. Yuxu kapsulunun üzəri böyük bir sipərlə örtülür, istifadəçi yuxu musiqilərini eşidərək sakitləşir və təbii işıq nümunələri ilə oyadılır.

“MetroNaps” şirkətinin CEO-su Kristofer Lindholst “Financial Times”-ə verdiyi ən sonuncu müsahibəsində bildirib ki, əslində şirkət keyfiyyətli işçilərin cəlb edilməsi və saxlanılmasında maraqlıdır. Bu səbəbdən şirkətlər bu məhsulu almağa meyillidirlər.

Bəs yuxusuzluğun sağlamlıq və iş həyatı üçün hansı mənfi nəticələri var?

“Nature Medicine” jurnalında edilən son araşdırmada, yuxu çatışmazlığının həddindən artıq kökəlməyə, diabet, iflic, infarkt və hətta ölüm də daxil olmaqla bir çox problemlərə gətirib çıxaracağı qeyd olunub. Ölüm, müxtəlif sağlamlıq problemlərinə səbəb olan uzun müddətli yuxu məhrumiyyəti ucbatından meydana çıxa bilər. Həmçinin yuxusuzluq, sükan arxasında olan sürücünün qəzaya düşməsinə, yorğun cərrahın isə pasiyentə yanlış kəsiklər açmasına səbəb ola bilər.

Amerika, Fransa və İsrail universitetlərində nevropatoloq və psixiatrlar yuxudan məhrum olduqda beynin necə davrandığını araşdırıblar. Araşdırmalar nəticəsində məlum olub ki, bir gecə yuxusuz qalmaq beyinin düzgün fəaliyyətini dayandırır. Neyronlar hər zaman olduğundan daha yavaş fəaliyyət göstərir, yəni gördüyümüz görüntülərin şüurlu düşüncəyə çevrilməsi gec baş verir. Əgər siz yolu keçərkən maşınla üzbəüz qalsanız, maşının qarşısından çəkilib-çəkilməmək üçün əlavə 1 saniyə düşünsəniz ölüm ilə ömür arasında qala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır