85 dövlət əmlakı hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclar dövlət əmlaklarının özəlləşdirilməsində rahat iştirak üçün fürsətlər yaradır. Müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətləri, kiçik müəssisələr və digər dövlət obyektlərinin hərraca çıxarılması iştirak etmək istəyənlərə geniş seçim imkanı vəd edir. Komitə tərəfindən belə hərraclardan biri 04 iyun tarixində keçiriləcək. Budəfəki özəlləşdirmə prosesinə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. İştirakçılar və prosesə marağı olan hər kəs açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır