ABA-nın “Ən fəal ekspert qrupu” seçilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2017” adlı mükafatlandırma mərasimində “Ən fəal ekspert qrupu” nominasiyası üzrə “Hüquqi məsələlər üzrə” Ekspert qrupu isə 3-cü yerə layiq görülüb.

Belə ki, mərasimdə, ABA-nın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən, Assosiasiyanın nəzdində çalışan ekspert qruplarının il ərzindəki fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələri açıqlanıb və vurğulanıb ki, il ərzində ekspert qruplarının hər biri çox yüksək səviyyədə və peşəkarlıqla fəaliyyət göstərib, bank sektoruna aid məsələlərin həllinə əhəmiyyətli töhfələr veriblər. Bu baxımdan ekspert qruplarının mükafatlandırılması “yaxşıların içərisindən ən yaxşılarını seçmək” mahiyyəti daşıyır.

Xatırladaq ki, ABA-ya üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib.

Qeyd edək ki, qrupda bank və maliyyə sisteminə aid qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin təhlili, onlardakı mümkün boşluq və ziddiyyətlərin aşkar edilməsi və bu istiqamətdə zəruri təkliflərin hazırlanması, maliyyə-bank sisteminə aid müvafiq qanunvericilik təşəbbüslərinin işlənib hazırlanmasında peşəkar iştirak, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanması və bu qəbildən olan digər fəaliyyətlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır