AccessBank myAccess mobil bankinq tətbiqini istifadəyə verib

Artıq Bankın müştəriləri istənilən vaxt əməliyyatlarını smartfonla həyata keçirə bilərlər
Bakı, 03 aprel 2017. AccessBank yeni myAccess mobil bankinq tətbiqini müştərilərin istifadəsinə verdi. Android və İOS platformaları üçün hazırlanan myAccess tətbiqi müştərilərə bank əməliyyatlarını olduqca asan və rahat şəkildə həyata keçirməyə imkan yaradır.
“Həyat tərzi sürətlə dəyişir, artıq smartfonlar insanların şəxsi və işgüzar həyatının ayrılmaz bir hissəsinə çevrilir. Təbii olaraq rəqəmsal texnoloqiyalar inkişaf etdikcə xidmət kanalları da dəyişir. Son illərin təcrübəsi göstərir ki, Bankımızın onlayn bankinq istifadəçilərinin sayı sürətlə artdıqca, insanların əyani şəkildə bank xidmətlərini əldə etmək tələbatı azalır. Rəqəmsal bankçılıq sayəsində Bankın coğrafi əhatəsi genişlənir, məhsul və xidmətləri müştərilərin olduğu yerdən asılı olmayaraq onlara daha yaxın və əlçatan olur. Biz anlayırıq ki, bank xidmətlərinin rəqəmsal kanallarla çatdırılmasını və xidmət şəbəkəsinin transformasiyasını fəal şəkildə həyata keçirən və biznes-modelini dəyişən banklar gələcəkdə daha üstün mövqedə olacaq” – AccessBank-ın İdarə Heyətinin sədr müavini Anar Həsənov şərhində bildirib.
Qeyd edək ki, əməliyyatların yüksək təhlükəsizliyini təmin edən myAccess mobil bankinq xidməti əlavə funksiyalar əlavə olunmaqla daim yenilənəcək. myAccess tətbiqini artıq App Store və Google Play-dən yükləmək mümkündür.
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır