Almaniya tərəfindən əsas kapitala 555,8 mln. dollar investisiya qoyulub

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.

Nazir Şahin Mustafayev vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr inkişaf edir. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlər, xüsusilə də dövlət başçılarının səfərləri əhəmiyyətli rol oynayır. Bildirilib ki, indiyədək ölkələrimiz arasında 70-ə yaxın sənəd, o cümlədən iqtisadi sahədə investisiyaların təşviqi və qorunması, ikiqat vergitutma haqqında sənədlər imzalanıb. Ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın ticarət tərəfdaşları arasında Almaniya 5-ci yerdədir. Azərbaycanın Mərkəzi Avropa üzrə ticarət nümayəndəliyi həmçinin, Almaniyanı əhatə edir. Bu nümayəndəlik Almaniya ilə ticarət əlaqələrinin inkişafında önəmli olacaq. Hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 555,8 mln. ABŞ dolları həcmində investisiya qoyulub. Almaniyanın KfW Bankı, Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ),  ölkələrimiz arasında Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti də ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından önəmlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır