İspaniya iqtisadiyyatı iqtisadi eksperiment prosesinə daxil olub. Belə ki, ölkədə minimum əmək haqqına şamil edilən 22%-lik artımın ölkə iqtisadiyyatına necə təsir göstərəcəyi naməlumdur.
Sözügedən artım nəticəsində ölkədə minimal əmək haqqı 736 avrodan 900 avroya qalxıb və birbaşa olaraq ölkədəki işçi qüvvəsinin 8%-inə (1.2 milyon nəfər) təsir göstərəcək.
İspan əsilli iqtisadçı Raymond Torresin fikrinə görə, minimal əmək haqqında baş verən bu artım əhalinin alım gücünü və bununla əlaqədar olaraq ölkədaxili istehlakı artıracaq, bu isə öz növbəsində işsizliyin azalmasına və iqtisadi artıma gətirib çıxaracaq.
Lakin, sahibkarların bu əmək haqqı artımına hazır olmaması və nəticədə işsizliyin artması da ehtimallar arasındadır. Bu minvalla, 2019-cu ildə ortalama olaraq 125000 iş yerinin itirilməsi proqnozlaşdırılır. Bəzi sahibkarlar isə, iş yerlərini azaltmayacaqlarını və işçilərinin maaşlarına əlavə ediləcək 164 avronu məhsulların qiymətlərini qaldırmaqla qarşılayacaqlarını bildiriblər. Bu açıqlamalar, cari ildə İspaniyada geniş həcmdə inflyasiya müşahidə olunmasına gətirib çıxara bilər.
“Moody’s Corporations”-un analitiki Kathrin Muehlbronner bildirib ki, İspaniya kəşf edilməmiş sulardadır və yekun nəticənin necə olacağını heç kim bilmir.
Məlumat üçün qeyd edək ki, sözügedən artım İspaniyanın son 40 ildə həyata keçirdiyi ən böyük əmək haqqı artımıdır.