Avtonəqliyyat vasitələri üzrə sığorta müqavilələri azalıb

2017-ci ilin birinci rübü ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 215 572 elektron sığorta müqaviləsi qeydiyyata alınıb. Bunların 29808-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 16 849 376 manat dəyərində müəyyələşib. Ötən ilin birinci rübü ilə müqayisədə sığorta müqavilələrinin sayında 10,2% azalma, sığorta haqlarının məbləğində isə 16,6% azalma müşahidə olunub. 1 noyabr 2016-cı il tarixindən etibarən  avtomobillər üçün  icbari sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılmasına başlanılıb. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.

Qeyd edək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır