İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay ilə görüşüb.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr qurulub və inkişaf edir. Əfqanıstanla iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb, ölkəmizdə xidmət, sənaye və nəqliyyat sahələrində 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib. İqtisadiyyat naziri beynəlxalq platformalarda Əfqanıstanın ölkəmizi dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
İkitərəfli əməkdaşlıqda ticarət əlaqələrinin rolunu qeyd edən Şahin Mustafayev 2018-ci ildə ticarət dövriyyəsinin 37%, 2019-cu ilin birinci rübündə isə 46% artdığını vurğulayıb. Bununla belə, ticarət əlaqələrinin şaxələndirilməsi üçün imkanlar genişdir. Birgə sərgilərin, biznes-forumların təşkili bu sahədə əməkdaşlığı daha da genişləndirə bilər.
Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğulayan Şahin Mustafayev Əfqanıstanın ölkəmizin tranzit potensialından istifadə edə biləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, Aşqabadda keçirilmiş Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) Lapis-Lazuli marşrutu üzrə müqavilə imzalanıb. Bu layihənin həyata keçirilməsi nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.