Moskvada keçirilən 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunan Azərbaycan “Ən yaxşı debüt” mükafatına layiq görülüb.
Sərginin yeganə eksklüziv partnyoru olan Azərbaycan “Worldfood Moscow”ya ilk dəfə qatılsa da, pavilyonumuzun milli ornamentlərdən istifadə olunmaqla yüksək zövqlə tərtib edilməsi, nümayiş olunan maraqlı proqram sərginin təşkilatçısı, dünyaca məşhur “ITE Group” tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanın vahid ölkə stendi milli üslubda hazırlanıb və burada qədim adət-ənənələrimizdən olan xalçaçılıq sənəti, milli mətbəximiz, musiqi və rəqslərimiz nümayiş olunur.
Qeyd edək ki, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi sentyabrın 14-dək davam edəcək.
