Azərbaycan – AYİB əlaqələri müzakirə olunub

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo ilə görüşüb.

Görüşdə Azərbaycan və AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri bank rəsmisinin diqqətinə çatdırılıb.

AYİB-lə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşən nazir Şahin Mustafayev Bankın infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına dəstək göstərməsinin önəmini diqqətə çatdırıb. Bildirilib ki, AYİB-in maliyyə dəstəyi ilə Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun, Bəhramtəpə-Biləsuvar və digər avtomobil yollarının tikintisi nəzərdə tutulur. Azərbaycan tullantıların idarə olunması, ekoloji və KOS-lara dəstək sahələrində də AYİB-lə əməkdaşlıq edir. Bankın baş ofisində Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır