Azərbaycan ilə Türkiyənin nazirlikləri arasında protokol imzalanıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclası keçirilib.

BBN.az xəxər verir ki, iclasdan əvvəl Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu arasında görüş olub. Görüşdə ötən dövrdə əldə olunmuş əməkdaşlıq təcrübəsindən bəhs olunub, Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin əlaqələrin inkişafında səmərəli fəaliyyəti vurğulanıb.

Sonra S.Müslümov və xanım J.Serıeroğlu Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclasında iştirak ediblər.

İclasda Komissiyanın 8-ci iclasının Protokolunda müəyyən edilmiş vəzifələrin icrası istiqamətində görülən işlərin nəticələri və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

İclasın yekunu olaraq, S.Müslümov və xanım J.Sarıeroğlu tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclasının Protokolu imzalanıb.

Qeyd edək ki, sənəddə əmək bazarında ən çox tələb olunan peşələrin və bacarıqların müəyyən olunması, işsiz və işaxtaranların bacarıqlarının artırılması, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarının, xüsusilə əlilliyi olan şəxslərin əmək bazarına adaptasiya olunması imkanlarının araşdırılması məqsədilə müvafiq təhlillərin aparılması, işsizlər və işəgötürənlər üçün məsləhət xidmətlərinin təkmilləşdirilməsi, kadr hazırlığı və sosial sığorta, pensiya sahəsində işəgötürən və işçilərin hüquq və vəzifələri ilə bağlı məlumatlandırma və s. üzrə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır