2017-ci ilin iyul ayında qeyri-neft sektoru üzrə 459 subyekt tərəfindən 117 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı” jurnalının avqust ayı sayında qeyd olunub.
Azexport.az portalına iyul ayında daxil olan ixrac sifarişlərinin dəyəri 71.6 milyon ABŞ dollarıdır. İyun ayı ilə müqayisədə bu göstərici 15 % çox olub. Belə ki, Azexport. az portalına 2017-ci ilin yanvar ayında 48, fevral ayında 6.5, mart ayında 27, aprel ayında 29.9, may ayında 19, iyun ayında 62.3 ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Azexport.az portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (19%) ilə yanaşı Ukraynanın (7.8%), Türkiyənin (7.4%), ABŞ-ın (4.8%) və Səudiyyə Ərəbistanının (4.8%) adı var.
Qeyd edək ki, 2017-ci ilin iyul ayında Azexport.az portalına ilk dəfə Qətər, Tanzaniya və Ekvador kimi ölkələrdən sifarişlər daxil olub.