2017-ci ilin 6 ayı ərzində Azexport.az portalına dünyanın 50 ölkəsindən 192.7 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Azexport.az portalına iyun ayında daxil olan ixrac sifarişlərinin dəyəri may ayı ilə müqayisədə 3.2 dəfə çox olub.
Belə ki, Azexport.az portalına 2017-ci ilin yanvar ayında 48, , fevralda 6.5, martda 27, apreldə 29.9, mayda 19, iyunda isə 62.3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ümumilikdə götürdükdə 2017-ci ilin 6 ayı ərzində Azexport.az portalına ən çox sifariş Rusiya Federasiyasından daxil olub. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19%), Ukrayna (9%), Türkiyə (7%), Səudiyyə Ərəbistanı (6%) və ABŞ-ın (5%) adı var.
2017-ci ilin iyun ayında ilk dəfə portala İsveç, Maldiv adaları, Kolimbiya, Əfqanıstan, Seneqal kimi ölkələrdən də sifarişlər daxil olub. İyun ayında Azərbaycanın qida məhsulları ilə əsas maraqlanan ölkələrdən biri isə Qətər olub. Bu ölkənin qida məhsulları idxal edən 6 şirkətinə müvafiq məlumatlar təqdim edilib.
Qeyd edək ki, iyun ayındakı ixrac sifarişlərinin yarıdan çoxu birbaşa Azexport.az portalı vasitəsiylə reallaşıb.