“Bank Ombudsmanı”na kimlər müraciət edə bilər?–SƏNƏDLƏR

Artıq Bank Ombudsmanı aparatının rəsmi syatı bankombudsman.az fəaliyyətə başladı və elektron formada müraciətlər qəbul olunması imkanı aktivləşdirildi. Bəs bu qurum hansı məsələrə baxacaq? Kimlər bu orqana müraciət ünvanlaya bilər? Bank Ombudsmanına necə müraciət etmək olar, hansı sənədlər tələb edilir?

Bütün bu məlumatlarla BBN.az tərəfindən hazırlanan aşağıdakı məqalədən tanış ola bilərsiniz.

İlk növbədə qeyd edək ki,  Bank Ombudsmanı tərəfindən müraciətlərə baxılması tam ödənişsizdir.

Ümumiyyətlə, Bank Ombudsmanı baxacağı iddialar son iki il ərzində baş vermiş2000 ABŞ dolları məbləğinə qədər olan məsələləri əhatə edəcəkdir.

Bundan əlavə digər şərtlər də mövcuddur:

  • İş əvvəlcədən məhkəmə və Bank Ombudsmanı tərəfindən baxılmamalıdır;
  • Barəsində ərizə verilən bank hazırda fəaliyyət göstərməlidir;
  • Qaldırılan məsələdə müvafiq qanunvericiliyə uyğun olaraq cinayət və inzibati xəta tərkibi yaratmamalıdır;
  • Şikayət motivi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamalıdır.

Müddət baxımından yeganə istisna o halda ola bilər ki, müraciət motivi olacaq həmin bank-müştəri münasibətləri hələ də davam etsin.

Bank Ombudsmanına yalnız fiziki şəxslər müraciət edə bilərlər. Müraciət edəcək şəxsin vətəndaşlığı əhəmiyyət kəsp etmir. Əsas şərt həmin fiziki şəxslərin Ombudsmanla bəyənnamə imzalamış bankların müştərisi olmalarıdır.  Bu bankların siyahısı ilə Bank Ombudsmanının saytından tanış ola bilərsiniz.

Lakin müraciətdən əvvəl bank müştərisi tərəfindən atılmalı olan bəzi addımlar vardır. İlk öncə onlar mübahisə ilə bağlı olaraq müqavilə bağladıqları banklara yazılı müraciət etməli və 30 iş günü müddətində bankdan işin mahiyyəti ilə cavab gözləməlidir. Cavab alındıqdan sonra, əgər cavab şikayətçini qane etmirsə, həmin məktubları təqdim etməklə Ombudsmana müraciət etmək olar.

Mübahisənin araşdırılması üçün müştəri müvafiq ərizə ilə aşağıdakı sənədlərin sürətini Bank Ombudsmanına təqdim etməlidir:

  • müştərinin şəxsiyyətini təsdiq edən sənəd;
  • Bank Ombudsmanına ərizə verməkdən əvvəl öz iddialarının (tələblərinin) mahiyyəti
  • göstərilməklə əlaqədar banka etdiyi şikayətin (ərizənin) surəti və ya məktubun banka
  • göndərilməsinə dair poçt qəbzi və bankın müştəriyə cavab məktubu (əgər varsa);
  • müştəri ilə bank arasında bağlanılmış müqavilə;
  • bank kredit müqaviləsinə Əlavə Saziş (əgər varsa);
  • müştərinin ödəmə cədvəli;
  • bankla müştəri arasında cari tarixə olan borc və gecikmələri haqqında müvafiq bankın arayışı (şikayətin mahiyyəti üzrə).

Bank Ombudsmanı müraciətə tərəflər Bakı şəhərində olduqda – 1 ay, Bakı şəhərindən kənarda olduqda – 2 ay, tərəflərdən heç olmazsa biri Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu halda, mübahisənin araşdırılma müddəti 6 aydan çox olmayan müddətdə baxa bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır