Barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilir. Bununla əlaqədar olaraq 19 iyul 2017-ci il tarixində Respublika Komissiyasının iclası keçirilib.
Komissiyanın iclasında barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 9 rayon kənd təsərrüfatı idarəsinin təqdim etdiyi sənədlərə baxılıb və 488 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 47944,51 kq yaş baramanın hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 239722,55 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.
Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon kənd təsərrüfatı idarələrinə göndərilib.