BP: “Yaxın bir neçə ildə neftə tələbat tədricən artacaq”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti energetika naziri Pərviz Şahbazovla görüşüb.

BP-nin dünya enerji bazarında əhəmiyyətli mövqeyə malik olduğunu vurğulayan energetika naziri deyib ki, şirkət Azərbaycanın strateji tərəfdaşı kimi mühüm enerji layihələrinin həyata keçirilməsi, neft və qaz sənayesinin inkişafı, qabaqcıl texnologiya və təcrübənin tətbiqi sahəsindəki nailiyyətləri ilə zəngin əməkdaşlıq nümunəsi yaradıb. “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü Sazişinin imzalanması isə bu əməkdaşlığın daha da uzunmüddətliyini təmin edəcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz enerji layihələri üzrə görülən işlər barədə məlumat verərək Energetika Nazirliyi ilə BP arasında sıx əlaqələrin vacibliyini diqqətə çatdırıb.

Görüşdə BP şirkətinin Rusiya və MDB  ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov BP-nin “2017-cı il üçün Statistik Təhlili” və “Enerji Perspektivlərinə Baxışı-2035” adlı hesabatlarını təqdim edib. Hesabatlarda qlobal enerji bazarındakı son vəziyyət, enerji sektorundakı ehtiyaclar və tendensiyalar öz əksini tapıb.

Həmçinin bildirilib ki, bu məlumat və təhlillər neft-qaz bazarındakı tendensiyaları izləməyə, neftin qiymətinə təsir edən amilləri, neft hasil və ixrac edən ölkələrin gələcək addımlarını müəyyənləşdirməyə kömək edə bilər.

BP-nin proqnozlarına görə, yaxın bir neçə ildə neftə tələbat tədricən artacaq. Neft enerji resursu kimi 2040-cı ilədək öz aparıcı mövqeyini qoruyub saxlayacaq. Lakin dünyada yeni trendlərin, texnoloji dəyişikliklərin gələcək perspektivlərdə neftin həlledici rolunu zəiflətməsi də qaçılmazdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır