Budəfəki hərraca 199 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Budəfəki hərraca 199 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Qax Taxıl”, “Ağdaş Quşçuluq”, “Cəlilabad Məişət”, “Goranboy Aqrotexservis”, “İmişli Yağ Pendir” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 60-ı xidmət, 11-i iaşə, 10-u təmir, 6-sı sənaye, 6-sı kənd təsərrüfatı sahələrinə aiddir.

Hərraca çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Sumqayıt şəhərində yerləşir. Şəhərin mərkəzində Bağlar massivi deyilən yerdə dəniz kənarında olan “Laçın” restoranı sahibi üçün əlverişli qazanc mənbəyi ola bilər.  Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 450 kv.m-ə yaxın, torpaq sahəsi isə 2400 kv.m-dən çoxdur. Ərazisinin geniş olması, eləcə də əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin dəyərliliyini artıran amillərdəndir. Həmin obyekt investorlar üçün iaşə sahəsində olduqca əlverişlidir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 47-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 8 kv.m ilə 213 kv.m arasında dəyişir. Bununla investorlar hərracda öz imkanlarına və biznes planlarına uyğun olaraq istənilən ölçüdə əmlak tapa bilərlər.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markalıları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 5 min manatdan başlayaraq 21 min 500 manat arasında dəyişir. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan maşınlardır. Buraxılış tarixləri isə 1994-2010-ci illəri əhatə edir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edilməlidir ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.

Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır