DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılması prosesinə start verilib

Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin formalaşması prosesi davam edir. Artıq DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılması prosesinə start verilib.

BBN.az xəbər verir ki, həftə ərzində Saatlı, Ucar, Samux, Masallı, Xocavənd, Ağstafa, Bərdə, Kürdəmir, Astara, Beyləqan, Qax, İmişli, Yevlax, Göygöl, Qəbələ, Ağcabədi, Lerik, Goranboy və Biləsuvarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində Fermerlər və Koordinasiya Şuralarının təsis olunmasına dair iclaslar keçirilib.

İclaslarda yerli fermerlərə yeni yaradılan Şuraların funksiya və vəzifələri barədə məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Şuralar kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunur. Fermer və Koordinasiya Şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır