Kolumbiya Respublikasının Kartagena şəhərində Kolumbiya Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi və Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresi keçirilir.
Sözügedən qurumların konqresində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kolumbiya Respublikasında səfərdədir.
Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Kolumbiyanın paytaxtı Boqota şəhərinin hava limanında gömrük işinin təşkili, burada həyata keçirilən gömrük prosedurları, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və gömrük sisteminin iş prinsipi ilə yaxından tanış olub.
Aydın Əliyev səlahiyyətli iqtisadi operatorlar institutu və logistik şirkətlərin təmsilçiləri ilə görüşüb. Görüş zamanı, gömrük işinin səmərəliliyinin artırılmasında, ticarətin asan və sürətli həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin önəmindən bəhs olunub.
Qeyd edək ki, Kolumbiya Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi və Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresi noyabrın 1-də işə başlayıb. Tədbirə dünya logistika və gömrük xidmətlərinin 350-dən çox əməkdaşı, Latın Amerikasından isə 500-dən çox iş adamı qatılıb.
Konqres noyabrın 3-dək davam edəcək.