Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 mart tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Budəfəki hərracda 7 dövlət əmlakına ümumilikdə 16 sifariş verilib. Bu dəfə vətəndaşlar tərəfindən səhmdar cəmiyyətinin səhm paketi, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirilib. Belə ki, investorlardan biri Lənkəran şəhəri, T.İsmayılov küçəsindəki “Lənkəran mebel” adlı səhmdar cəmiyyətinin 30%-lik səhm paketi üzrə hərracda iştirak edib. Sənaye sahəsinə aid dövlət əmlakının özəlləşdirilən səhmlərinin ümumi sayı 50 minə yaxındır. Mebel məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan müəssisənin ərazisində inzibati bina, istehsalat sexi, yeməkxana ilə yanaşı, digər bina və qurğular yerləşir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda sadə və müasir üsullar vətəndaşların prosesdə rahat iştirakına şərait yaradır. Dövlət əmlaklarının özəlləşmədən sonra uğurlu fəaliyyəti özəl sektorun inkişafını təmin etməklə bərabər, digər investorların da prosesdə iştirak marağını artırır. Komitə tərəfindən növbəti hərrac 19 mart tarixində keçiriləcək. İştirak etmək istəyən şəxslər ümumilikdə 99 dövlət əmlakı üzrə seçim edə bilər. Dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir. Qeyd edək ki, hər kəs açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır