“Neft gəlirlərinin azalması fonunda Doing Business və Qlobal Rəqabətlilik hesabatlarında ölkəmizin irəliləməsi və ən islahatçı ölkələr sırasına yüksəlməsi, bu ilin ilk 10 ayında qeyri-neft ÜDM-in 2,1 faiz və ixracının 23 faiz artması, strateji valyuta ehtiyatlarının 5 milyard ABŞ dollarına qədər çoxalması birbaşa islahatların nəticəsidir”. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı II Bankçılıq Forumunda çıxış edərkən deyib.
Vüsal Qasımlı bildirib ki, hazırda neft qiymətlərinin 60 ABŞ dollarından keçməsinə rəğmən islahatlar əvvəlki tempilə davam edir ki, bu da iqtisadi islahatların dönməz xarakter aldığını göstərir.Gələn illərdə ölkədə qeyri-neft ixracının və turizm başda olmaqla xidmətlərin ixracının artması, eyni zamanda idxalın əvəzlənməsi hesabına ölkəyə valyuta mədaxili kanallarının çeşidinin və miqyasının artması, eyni zamanda manatın dayanıqlılığı üçün əlavə imkanlar yaranacaq.
“2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar da ümumi iqtisadi aktivliyi artıracaq. Beləliklə, maliyyə-bank sektoru yaranmış əlverişli şəraitdən istifadə etməli, Kredit Zəmanət Fondu və aqrar sığorta mexanizmindən yararlanmaqla real iqtisadiyyatın maliyyələşdirilməsini gücləndirməlidir”,deyə Vüsal Qasımlı qeyd edib.