Dövlət büdcəsində 403,8 mln. manat məbləğində profisit yaranıb

2019-cu ilin birinci rübündə dövlət  büdcəsinin mədaxili 5439,7 mln. manat,  xərcləri 5035,9 mln. manat olmuş,  403,8 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.


2019-cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5439,7 mln. manat və ya 99,1 faiz icra olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 876,3 mln. manat  və ya 19,2 faiz çoxdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1672,9 mln. manat vəsait daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 mln. manat və ya 16,5 faiz çoxdur.
Həmin vəsaitin 69,1 faizi və yaxud 1155,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2019-cu ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,4 faiz və yaxud 5035,9 mln. manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 627,9 mln. manat və ya 14,2  faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 2104,5 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz və ya 343,2 mln. manat çoxdur.
2019-cu ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2707,3 mln. manatı və ya 53,8 faizi cari xərclərə, 1984,4 mln. manatı və ya 39,4 faizi əsaslı xərclərə, 344,2 mln. manatı və ya 6,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilib.

Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 9192,2 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2129,2 mln. manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 5076,9 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 319,0 mln. manat və ya 6,7 faiz azdır.
İcmal büdcədə 4115,3 mln. manat artıqlıq (profisit) yaranıb.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır