Kreditin qanunsuz alınması və kreditdən təyinatı üzrə istifadə etməmə nədir?
Bu barədə hüquq üzrə fəlsəfə doktoru, “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini, ekspert Səbuhi Əliyev məlumat verib.
Ekspert bildirib ki, kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi qanunvericiliyə əsasən inzibati xəta və eyni zamanda cinayət əməlidir.
S.Əliyev, həmçinin, deyib ki, belə əməllər bank fəaliyyətinə qarşı daha çox törədilən, lakin latent qalan (qeydiyyata alınmayan) əməllərdir: Şübhəsiz deyə bilərik ki, statistik rəqəmlər bəzi hallarda təcrübə ilə təzadlı məqamlar yaradır. Xüsusilə praktikada bank fəaliyyəti əleyhinə törədilən cinayətlər kimi tanınan qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə kimi əməllərin geniş yayılmasına baxmayaraq, belə əməllərlə mübarizə lazımi səviyyədə aparılmır. Belə mübarizənin aparılmamasının müxtəlif səbəbləri vardır ki, onlardan başlıcası bankların özünün passivliyi ilə bağlıdır. Belə ki, məsələn bankdan qanunsuz kreditin alınması kreditin verilməsindən bir müddət sonra, müxtəlif yoxlamalar nəticəsində bank tərəfindən aşkar olunduğu hallarda, bəzən onlar tərəfindən əmələ hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanına müraciət edilmir. Bunun səbəbi əksər hallarda bankın kredit alan ilə razılaşaraq, öhdəliyin yerinə yetrilməsi və ya bankın öz imicini “itirməməsi” qənaətinə gələrək müştərilərə güzəştə getməsi ola bilər. İkinci başlıca səbəb, hüquq-mühafizə orqanları tərəfindən bu tip şikayətlərin araşdırılmaması ilə bağlı olub, onların bankla kredit alanı müqayisələndirərək, əsassız olaraq “güclü” tərəf saydığı bankın tələbi ilə “zəif” hesab etdiyi kredit alanı xüsusilə cinayət cəzasına məhkum etməyin adekvat olmadığını düşünürlər.