İran və Azərbaycan arasında ticarət dövriyyəsi 70%-ə yaxın artıb

Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Ərdəbildə biznes forum keçirilib.

Tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi, kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.

Son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 500-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizə yaxın artıb.

2017-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməli qoyulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda 8,3 km-lik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Hazırda İranda 1,7 km dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90%-dən çoxu tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır