Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Səbail rayon Məşğulluq Mərkəzi rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələrinin iştirakı ilə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda tədbir keçirib.
BBN.az xəbər verir ki, Mərkəzin direktoru Fərəc Qasımzadə “İşsizlikdən sığorta haqqında” Qanunun müvafiq sahədə qabaqcıl dünya təcrübəsinə əsasən hazırlanaraq qəbul edildiyini və bu Qanun əsasında 2018-ci ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
O bildirib ki, bu sistemin məqsədi əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması, sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya olunması, işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Qeyd olunub ki, sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya olunması ilə bərabər, işsizlikdən sığorta sistemi özünüməşğulluq proqramının, habelə digər istiqamətlərdə aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinə də əsaslı təminat yaradıb.
Tədbirdə “Sığorta ödənişinin verilməsi Qaydası”, “Sığorta olunanların əmək haqlarının maliyyələşdirilməsi Qaydası”, işsizlikdən sığorta sistemi və onun əhəmiyyəti barədə işəgötürənlərə ətraflı məlumatlar verilib. Sığortaolunanların əmək haqlarının maliyyələşdirilməsi proqramı və digər aktiv məşğulluq tədbirlərindən də bəhs olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.