AccessBank-ın UNEC-də reallaşdırdığı “Access Business Talks” layihəsinin bu dəfəki qonağı İsveçrə Əməkdaşlıq Təşkilatının (SCO) əməkdaşı, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycan üzrə Milli Proqram rəhbəri Sənan Şabanov olub.
Qonaq tələbələrə İsveçrənin dünyada, o cümlədən Azərbaycanda reallaşdırdığı bəzi
layihələr barədə ətraflı məlumat verib. Proqram rəhbəri qeyd edib ki, İsveçrənin
İqtisadi
Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və
Əməkdaşlıq və İnkişaf Agentliyinin (SDC) Azərbaycandakı beynəlxalq inkişaf sahəsində
fəaliyyəti
İsveçrənin Əməkdaşlıq Təşkilatı (SCO) tərəfindən
reallaşdırılır. Onun sözlərinə görə, SCO Azərbaycanın maliyyə sektorunun inkişafını,
dövlət vəsaitlərindən şaffaf istifadəni və rəqabətqabiliyyətli özəl sektorun
yaradılmasını dəstəkləyir. “Ölkədə həyata
keçirilən islahatlar gələcəkdəki stabil inkişafın təməlini qoyur və biz bu
addımları dəstəkləyirik. Əminik ki, bu inkişaf əhalinin bütün təbəqələrinə öz
müsbət təsirini göstərəcək“, – deyə Sənan Şabanov vurğulayıb.
Tələbələrin sualına cavab olaraq SCO rəsmisi bildirib ki, təşkilat fəaliyyət
göstərdiyi hər bir ölkədə gender bərabərliyinin qorunmasına böyük önəm verir.
“Access Business Talks” iştirakçıları qonaqdan SCO tərəfindən
qeyri-neft sektorunun inkişafına verilən dəstəklə də maraqlanıb. Proqram rəhbəri
cavabında bildirib ki, bu sektorun inkişafı üçün maliyyə infrastrukturunun
diversifikasiyası olduqca əhəmiyyətlidir: “SCO kiçik və orta sahibkarlıq subyektlərinin daha ucuz və əlçatan
maliyyə resurslarına çıxışını dəstəkləyir“.
Təqdimatın sonunda mütəxəssis tələbələrlə öz təcrübəsini bölüşüb və onlara bəzi
tövsiyələr verib.
Qeyd edək ki, 10 həftə davam edəcək “Access Business Talks” layihəsi
çərçivəsində AccessBank-ın əməkdaşları, IELTS və müxtəlif iqtisadi sahələrin
mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşür. Böyük hissəsi ingilis
dilində aparılan bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini
artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, biznes, maliyyə kimi sahələrdə
yeni məlumatların əldə edilməsidir.
Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil
olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış
olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr
“AccessBank”da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif
olunacaqlar.