İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 14,3 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon ABŞ dolları olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 138 milyon ABŞ dolları və ya 13 faiz artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 402,2 milyon, Türkiyəyə 275,6 milyon, İsveçrəyə 105,2 milyon Gürcüstana 97,4 milyon və Qazaxıstana 34,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon ABŞ dolları həcmində olub. Bu siyahıda qızıl (93 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (68 milyon ABŞ dolları) üçüncü olub.
2018-ci ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 114 milyon ABŞ dolları təşkil edib və ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (27 milyon ABŞ dolları) başçılıq edib. Daha sonra bu siyahıda Türkiyə (25,7 milyon ABŞ dolları), İsveçrə (13 milyon ABŞ dolları), Gürcüstan (8,9 milyon ABŞ dolları) və Qazaxıstan (3,8 milyon ABŞ dolları) qərarlaşıb. Sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (12 milyon ABŞ dolları) birinci, qızıl (11,9 milyon ABŞ dolları) ikinci, metanol (7,1 milyon ABŞ dolları) isə üçüncü olub.
Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 2208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1002 milyon manat təşkil edib və 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu əməliyyatların dəyəri 205 milyon AZN və ya 25 faiz artıb.
2018-ci ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 114 milyon manat təşkil edib və ötən ilin sentyabr ayı ilə müqayisədə 23 faiz artıb.
“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin sentyabr ayı ərzində Azexport.az portalına 43 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 410 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 15 faiz artıb.