Macarıstanda ani ödəmə sisteminin test mərhələsinə start verilib

Macarıstan Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən və ölkə daxili bank ödənişləri ilə məşğul olan yeganə hesablaşma sistemi “GIRO” yeni tərəfdaşlığa imza atıb. Avropada fəaliyyət göstərən Nets ödəniş texnologiyaları şirkəti ilə bağlanan bu tərəfdaşlıq müqaviləsi çərçivəsində ani ödəmə sistemlərinin Macarıstan kommersiya banklarının istifadəsinə verilməsi planlaşdırılır.

Belə ki, sözügedən ani ödəmə sistemi sayəsində yerli bankların 10 milyon macar forinti (təqribi 35306 ABŞ dolları) məbləğinə qədər olan transferləri 7 gün 24 saat boyunca, sadəcə 5 saniyə içərisində həyata keçirilə biləcək. Həmçinin, bu sistem vasitəsilə banklar qəbul edən şəxsin sadəcə mobil nömrəsindən istifadə etməklə pul transferini icra edə biləcəklər.

Cari ilin iyul ayına icrası planlaşdırılan bu layihənin ölkə ərazisində mobil və elektron ödənişlərin sayını kəskin artırması proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır