ƏƏSMN tərəfindən müharibə iştirakçılarına birədəflik maddi yardım veriləcək

Azərbaycan Prezidentinin İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə 20 aprel 2018-ci il tarixli Sərəncamı 11 193 nəfərə şamil olunacaq.

BBN.az xəbər verir ki, Sərəncam ümumilikdə 11 193 nəfər şəxsə şamil olunacaq. Onlardan 563 nəfəri İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarıdır ki, Sərəncama əsasən, onların hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək.

Qalan 10 630 nəfəri isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş insanlar, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları təşkil edir. Sərəncamla bu insanların da hər birinə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın icrası olaraq, qeyd olunan şəxslərə birdəfəlik maddi yardımların ödənilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılması və Maliyyə Nazirliyi tərəfindən həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın tam və vaxtlı-vaxtında icrası təmin edilməklə, 9 May – Qələbə gününədək müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi tam həyata keçiriləcək. Birdəfəlik maddi yardımların avtomatlaşdırılmış qaydada həmin insanların bank hesablarına köçürülməsi, beləliklə, tam şəffaf şəraitdə ödənişinin həyata keçirilməsi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır