“Made in Azerbaijan” vahid ölkə stendi Çində nümayiş olunur

Azərbaycan şərabları ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunur. Asiya qitəsində müvafiq sahə üzrə ən böyük sərgi hesab olunan Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisinə bu il Azərbaycan da daxil olmaqla, 38 ölkədən 1070 iştirakçı qatılıb.

Noyabrın 9-da öz işinə başlamış sərgidə Azərbaycan AZPROMO, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası, eləcə də şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsi ilə təmsil olunur. Noyabrın 11-dək davam edəcək sərginin keçirildiyi Honqkonq Beynəlxalq Sərgi və Konqres Mərkəzində Azərbaycan şərablarının təbliği məqsədilə müxtəlif tanıtım plakatları asılıb.

Azərbaycan şərabları, şampanlar, meyvə və otlardan hazırlanmış spirtli içkilər xüsusi dizaynda hazırlanmış, 126 kvadratmetrlik “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır