Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 01 noyabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib. Bu dəfəki hərracda ümumilikdə 19 dövlət əmlakı olmaqla 1 səhmdar cəmiyyəti, 1 nəqliyyat vasitəsi və 17 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Hərrac tamamilə açıq və şəffaf şəraitdə baş tutub.
Hərracda özəlləşdirilmiş 17 kiçik dövlət müəssisə və obyektindən 5-i paytaxtda, 2-si Sumqayıtda, 1-i Yevlaxda, 1-i Cəlilabadda, 2-si Şəkidə, 2-si Gəncədə, 1-i Kürdəmirdə, 1-i İsmayıllıda, 1-i Qobustanda, 1-i Mingəçevirdə yerləşir. Bu əmlakların 4-ü ticarət obyekti olub, 10-u xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub.
Hərracda ən yüksək qiymət paytaxtın Qaradağ və Sabunçu rayonlarında yerləşən obyektlərə təklif olunub. Bunlar Qaradağ rayonundakı 193,5 kv.m. sahəsi olan Məişət evi və Sabunçu rayonunda yerləşən 67,1 kv.m. sahəsi olan 91 saylı mağazadır. Hər iki daşınmaz əmlaka 20 min manat təklif olunub və özəlləşdirilib. Eyni qiymət Kürdəmirdə yerləşən sahəsi 337 kv.m. olan 1 saylı çöbərəkbişirmə sexinə də təklif olunub.
Xatırladaq ki, növbəti belə hərrac 08 noyabrda keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.