Azərbaycanda POS sistemi və sahibkarların üzləşdiyi xərclər. Avropa və və qonşu ölkələrdə olan praktika

Azərbaycanda POS sistemi və sahibkarların üzləşdiyi xərclər

POS terminallardan istifadə zamanı sahibkarlar həm birdəfəlik, həm aylıq, həm də hər əməliyyat məbləğinin müəyyən faizi qədər komissiya ilə üzləşə bilirlər. Birdəfəlik xərclərə adətən quraşdırma, sığorta depoziti, satıcıya təlimlimin keçirilməsi və hesabın açılması ilə bağlı ödənişlər aiddir. Hazırda, istisnaları nəzərə almamaq şərti ilə, Azərbaycanın kommersiya banklarında quraşdırma, hesabın açılması və satıcıya təlimin keçirilməsi ödənişsizdir. Ölkənin aparıcı kommersiya banklarında, əsasən, sığorta ödənişi istənilmir.  Digər banklarda isə bu məbləğ 200-1000 manat arasında dəyişir.   Başqa sözlə, sahibkarlar bazarı araşdraraq, POS terminal üçün nəzərdə tutulan  birdəfəlik xərclərdən yayına bilərlər. Aylıq komissiyalar 10-50 manat arasında (əsasən, 20 manat) olsa da, sahibkarın POS terminal üzrə dövriyyəsi artdıqca bu məbləğ azalır və ya tələb edilmir.

POS terminal_bankların təqdim etdiyi şərtlər

POS terminallar üzrə sahibkarların üzləşdiyi əsas xərc isə hər bir əməliyyat üzrə ödənilən komissiyadır. Bu komissiya prosessinq mərkəzi daxili əməliyyatlarda 1%-dən başlayır, orta hesabla isə 1.34% təşkil edir. Prosessinq mərkəzi xarici əməliyyatlarda 1.5%-dən başlayır, orta hesabla isə 2.27% təşkil edir.  Bütün əməliyyatlar üzrə orta göstərici isə 1.8% təşkil edir. Bu faiz dərəcələri də öz növbəsində interçeyc haqqlarından qaynaqlanır. Ölkə üzrə bu dərəcələr 0.3-2.2% arasında dəyişir.

Avropa və region ölkələrində POS sistemi və sahibkarların üzləşdiyi xərclər

Nağdsız hesablaşmaların inkişaf etdiyi qonşu ölkələrə baxdıqda bu komissiyaların oxşar səviyyədə olduğunu və bəzi hallarda Azərbaycandan da yüksək səviyyədə müəyyən edildiyini görürük. Lakin  POS terminaldan istifadə bu ölkələrin sahibkarları üçün daha sərfəli olur. Bu müəyyən qədər sistem fərqlərindən qaynaqlanır.

Türkiyə təcrübəsinə nəzər salsaq, ölkədə POS terminalların tarixən inkişaf etmiş 3 formada olduğunu görərik:

  1. Ənənəvi formada – Hər bir bank ayrılıqda öz POS terminalını sahibkara təqdim edir;
  2. Birgə POS terminal – Bir neçə bank bir POS sistemi yaradır və sahibkara bir POS terminal üzərində birgə xidmət göstərirlər;
  3. Tək POS terminal – Bu sistemə əsasən, hər bir şirkət özü üçün POS terminal alır. Sonra isə əməkdaşlıq edəcəyi bankları seçir. Həmin banklar öz proqram təminatlarını həmin cihaza yükləyir və sahibkara xidmət göstərirlər.

Sonuncu ilə bağlı Türkiyədə banklar və sahibkarlar arasında vasitəçilik edən şirkətlər formalaşdırılmışdır. Bu sahibkarları hər əməliyyat üzrə komissiyadan azad etməsə də, bütün bankların bir POS terminal üzərindən xidmət göstərməsi həm əməliyyat sürətini artırır, həm də texniki xidmət xərclərini azaldır.

Bundan əlavə Türkiyədə kassa və POS cihazları birləşdirilmiş formada təklif edilməyə başlanılıb.  Bu istiqamətdə dövlət təşviq tədbirləri həyata keçirilir və son 3 il ərzində adi POS terminalların təqribən ¼ hissəsi yeni cihazlarla əvəz edilib.

Rusiya və Gürcüstanda isə sistem anolojidir. Lakin nağdsız ödənişlərin daha populyar olan Rusiyada hər əməliyyatdan tutulan faiz nisbətən yüksəkdir (2-3% arası), çünki sahibkarlar nağdsız ödəniş etmək istəyən müştərilərin itirmək əvəzində bu faizləri ödəməyə razıdırlar.

Gürcünstanda isə nağdsız ödənişlərin təşviqi məqsədi ilə ilkin xərc tətbiq edilmir. Aylıq komissiya isə orta hesabla manat ekvivalentində 32 manat təşkil edir və Azərbaycandakı kimi bu komissiya sahibkarın dövriyyəsi müəyyən həddi keçdikdən sonra azalır və ya tələb edilmir. Hər bir əməliyyat üzrə orta komissiya isə prosessinq mərkəzi daxili əməliyyatlarda orta hesabla 1.5%,  xarici əməliyyatlarda orta hesabla 2%  təşkil edilir.

Birləşmiş Krallıqda biznesin növündən asılı olaraq, POS sistemi qurmaq üçün çəkilən xərc manat ekvivalentində 1440-5540 manat arasında dəyişir. Burada sahibkarlar, əsasən,  POS terminalları öz hesablarına alırlar və müxtəlif provayderlərin proqram təminatlarını (NetPay, PayPal, Shopify, Stripe, Izettle və s.) yükləyərək istifadə etməyə başlayırlar. POS terminalların quraşdırılmasında qiymət fərqinə səbəb olan əsas amillər əsasən, biznesin miqyası, cihaz üçün əlavə komponentlər, proqram təminatındakı mürəkkəbliklər, qarantiyanın müddəti, satış əməliyytaları üzrə hesabatlıq, komanda idarəetməsi, müştəri bazası və s. ola bilər. Bu kimi xüsusiyyətlər bütün sektorlar üçün vacib  deyildir. Ona görə də POS terminalın quraşdırılması xərcləri 1000-2000 manat aralığına daha yaxın olur. Aylıq ödənişlər isə bəzi xidmət provayderlərində manat ekvivalentində 20-33 manat arasında dəyişsə də, bəzilərində tələb edilmir. Hər bir əməliyyat üzrə tutulan komissiya isə orta hesabla 1.8% təşkil edir. Ümumilikdə isə aylıq ödənişlər və əməliyyat üzrə komissiyalar sahibkar dövriyyəsinin 3-4 faizini təşkil edir.

Bunlardan əlavə digər bir Avropa ölkəsi ola İtaliyada hər bir əməliyyat üzrə tutulan komissiya 2-2.75% arasında dəyişir.

Ümumilikdə dünya bazarı nəzərə alındıqda yeni nəsil POS cihazları üçün sahibkarlar tərəfindən çəkilən birdəfəlik xərc orta hesabla manat ekvivalentində 2050 manat,  aylıq komissiya manat ekvivalentində 142 manat, hər əməliyyat üçün komissiya isə 2.5% + 0.5 AZN təşkil edir. Əgər POS sistemi tabletlər üzərində qurulacaqsa, cihazların qiyməti manat ekvivalentində 2100 manata başa gəlir, fərdi komputerlər üzərində qurulan sistemlərin qiyməti isə manat ekvivalentində 2700 manatı aşır. Proqram təminatları da öz nözbəsində ödənişsiz seçim imkanları da irəli sürürlər. Lakin bu proqramlarda hr əməliyyatdan tutulan komissiya nisbətən yüksək olur. Bununla yanaşı, daha təkmil xidmətlər üçün aylıq ödənişi hətta manat ekvivalentində 200 manatı aşan proqram təminatları da mövcuddur.

Nəticə etibarı ilə Azərbaycanda POS terminalları üzrə sahibkarların ödədiyi ekvayrinq xərcləri Avropa və region ölkələrinə nisbətdə aşağıdır. POS sisteminin Türkiyə və Avropa təcrübəsi bençmark götürülərək yenilənməsi isə məqsədə uyğundur.

 

“müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır