“Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilib

Qaydaya əsasən OMXÇ-nin əsas məqsədi makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi, dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi və fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılmasıdır.

OMXÇ-nin hazırlanması büdcənin tərtibi prosesinin birinci – strateji mərhələsini təşkil edir. Bu məqsədlə cari büdcə ilinin ilk yarısında ortamüddətli dövr üçün məcmu resurs zərfi və milli xərc prioritetləri hökumət tərəfindən müəyyən edilir və bu əsasda büdcə təşkilatları öz strateji planlarını, davam etməkdə olan layihələr və yeni siyasət təşəbbüsləri (YST) üzrə cari və əsaslı xərclərinə dair sifarişlərini hazırlayaraq təqdim edirlər.

Oortamüddətli resurs zərfi cari il üçün dəqiqləşdirilmiş, ortamüddətli dövr üçün isə ilkin iqtisadi və sosial inkişaf proqnozlarını, həmçinin büdcə təşkilatlarının strateji planlarını nəzərə almaqla tərtib edilir.

OMXÇ sənədinin tərkib hissəsi olaraq hazırlanan digər mühüm sənəd isə milli xərc prioritetləridir. Milli xərc prioritetləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələri, sektor strateji planları, həmçinin büdcə təşkilatlarından daxil olmuş YST-lə aydın şəkildə əlaqələndirilməklə tərtib olunur.

OMXÇ-nin tətbiqi üçün ilkin olaraq büdcə təşkilatlarında strateji planlaşdırma potensialının gücləndirilməsi mühüm şərtdir. Məhz buna görə də, OMXÇ-nin tətbiq edilməsi 2020 və 2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur.

Dövlət qurumları arasında daha çevik kommunikasiya və məlumat mübadiləsinə əsaslanan OMXÇ-nin tətbiqi makroiqtisadi koordinasiyanı daha da gücləndirəcək və dövlət vəsaitlərinin daha səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq.

Beynəlxalq təcrübə, ölkə iqtisadiyyatının xüsusiyyətləri və həyata keçirilən digər fiskal islahatlar da nəzərə alınmaqla hazırlanmış OMXÇ Qaydası dövlət maliyyə idarəedilməsinin təkmilləşdirilməsi vasitəsilə makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır