“Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsi müzakirə edilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun son görüşü keçirilib.

BBN.az xəbər verir ki, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi, sığorta şirkətlərinin nümayəndələri, həmçinin, sahə üzrə ekspertlər iştirak edib.

Görüş çərçivəsində “Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsi yenidən müzakirəyə çıxarılıb və tərəflər öz mövqelərini bildiriblər. Sığortaçılar tərəfindən təklif edilən əlavə və dəyişikliklər nəzərdən keçirilib və yekun təkliflərin Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilməsi qərara alınıb.

Xatırladaq ki, 16 fevral tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasında “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar İşçi Qrupu formalaşdırılmışdır. İşçi qrupunun tərkibi sığorta şirkətlərinin nümayəndələri və müstəqil ekspertlər ibarət olub və indiyə qədər İşçi Qrupunun üç görüşü keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır