Rayonlarda vergi ödəyiciləri üçün 57 xidmət mərkəzi yaradılıb

Sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə iri şəhər və rayonlarda vergi ödəyiciləri üçün 57 xidmət mərkəzi yaradılıb, vergi ödəyicilərinə 63 elektron xidmət göstərilir.

Bu haqda Vergilər nazirinin müavini Sahib Ələkbərov Vergilər Nazirliyində Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir İdarəsi Başqanlığının nümayəndə heyəti ilə keçirilən görüş zamanı bildirib.

Görüşdə nazir müavini Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumat verərək Mərkəzin yaradılması zamanı Türkiyə təcrübəsindən istifadə edildiyini vurğulayıb.  O, ölkələr arasında tarixi bağlılıq, sıx əməkdaşlıq və dostluq münasibətlərinə toxunaraq bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Artıq vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə intizamlı vergi ödəyicilərinə xidmətin “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə şəffaf vergi partnyorluğu idarələri yaradılıb və fəaliyyəti şəffaf olan digər vergi ödəyicilərinə də münasibətdə “Yaşıl dəhliz” prinsipi əsasında xidmətlərin göstərilməsi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır