Real sektorun kreditləşməyə ciddi ehtiyacı var-MÜSAHİBƏ

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndəsi, iqtisadçı-ekspert  Elman Sadıqovun BBN.az saytına verdiyi müsahibəni Sizə təqdim edirik.

  • Son zamanlar banklar tərəfindən kreditləşmədə aktivlik müşahidə olunur. 2018-ci il üçün vəziyyəti necə qiymətləndirirsiniz?

Banklar tərəfindən kreditləşmə baxımından 2018-ci ilin əvvəlki 2 ilə nisbətən daha aktiv keçəcəyini düşünürəm. Lakin, 2014-cü ilə qədər olan aktivlik və kütləvi kreditləşmənin olacağı ehtimalı həm azdır, həm də bu cür kreditləşmə daha ağır risklər meydana çıxarar.

  • Hansı risklərlə üzləşmə təhlükəsi var?

Son 2 ildə həm maliyyə sahəsindəki böhrana, həm də yaranmış vəziyyətə yanaşmalarda bəzi səhvlərə yol verildi. Xüsusilə hamının maliyyə sektorunu tənqid etməyə çalışması, peşəkar yanaşma və təhlillərin az olması və sair əlavə gərginliklər yaratdı. Hazırda mövcud risklər yenə də davam etməkdədir. Lakin, narahat edən ən böyük risk real sektor və maliyyə sektoru arasındakı məsafənin getdikcə artmasıdır. Bu belə olmamalıdır. Çünki, real sektorda mövcud olan və yaranacaq risklər maliyyə sektoruna birbaşa təsir edir. Son 2 il bunu daha bariz şəkildə göstərdi. Bu səbəbdən banklar kreditləşməyə daha konservativ və ehtiyatlı yanaşmağa başlayıblar. Böhrandan sonra bu halın olması təbiidir və biz bunu dünyanın əksər ölkələrində baş verən böhranlardan sonra izləmişik. Real sektorun özünün ən böyük riski hesabatlılıq məsələləri və beynəlxalq mühasibatlıq standartlarına keçidin tamamlanmamasıdır. İkinci məsələ, kreditləşmə ilə bağlı dünyada geniş tətbiq olunan mexanizm və prosedurların (bu mexanizm və prosedurlar barədə müxtəlif müsahibələrimdə ətraflı təkliflərimi vermişəm) tətbiqi üçün qanunvericilikdə, normativ aktlarda, məcəllələrdə müəyyən dəyişikliklərə ehtiyacın olmasıdır. Üçüncü məsələ isə, problemli kreditlərin həlli ilə bağlı tamamilə yeni bir yanaşmaya ehtiyacın olmasıdır. Səbəblər və risklər çoxdur, amma bu 3 fundamental məsələyə yeni baxışımız olarsa risklər də həm maliyyə, həm real sektor, həm də əhali üçün yumşalmış olar.

  • Sizcə bu il banklar hansı sahələri özləri üçün prioritet olaraq müəyyən edəcəklər?

Geniş mövzudur. Sadəcə bir neçə önəmli məsələyə toxunmaqla sualınıza cavab verməyə çalışacağam. Real sektorun kreditləşməyə ciddi ehtiyacı vardır. Lakin, real sektorun kredit cəlbi ilə bağlı həm də yeni yanaşmaya ehtiyacı vardır. Hesabatlılıq daha mükəmməl olmalı, peşəkar səviyyədə işlənmiş layihələr təqdim edilməlidir və sair. Kreditə nəzarət mexanizminin də təkmilləşməsinə (banklar kreditləşməyə yanaşma və baxışlarını dəyişməlidir və dəyişirlər) ehtiyac vardır. Məsələn, dünyada öz işini peşəkar quran hər bir bank maliyyələşdirdiyi layihədə əvvəldən axıra qədər iştirak edir, həmin layihə ilə bağlı həmin bankın iştirakı olmadan heç bir fundamental qərar qəbul olunmur. Bizdə bu məsələ kreditlərin monitorinqinə əsaslanır, bank şirkətin verdiyi hesabat və məlumatlara inanmağa məcbur olur. Bu səbəblərdən bankların yenə də istehlak kreditləşməsinə meyl etmə riskləri meydana çıxır. Bu risk isə özü ilə bərabər digər makro və mikro-iqtisadi risklərin yenidən yaranmasını şərtləndirər.

  • Sizcə uçot dərəcəsinin aşağı salınması kredit faizlərinə necə təsir edəcək?

Biz ölkədə uçot dərəcəsi ilə faiz dərəcələri arasındakı mütanasibliyə nəzər salsaq görərik ki, burada düz və ya tərs mütənasiblik yoxdur. Məsələn, 2007-2008-ci illərdə uçot dərəcəsi 12-15% aralığında (müntəzəm dəyişirdi), 2009-2010-cu illərdə isə 2-3% aralığında olmuşdur. Hər 2 dövrdə kredit faizləri demək olar ki, eyni idi və nəzərəçarpacaq dəyişiklik olmamışdır. Bu və digər faktlar və amillər onu göstərir ki, uçot dərəcəsi bazarda faiz dərəcələrinin formalaşmasında aktiv rol oynamır. Müəyyən rolu vardır, lakin bu rol digər ölkələrdəki vəziyyətlə müqayisədə çox cüzidir.

  • Hansı səbəbdən bu kanalın təsiri istənilən səviyyədə deyil?

Səbəblər çoxdur. Qısa şəkildə əsas məsələlərə toxunmaqla cavab verməyə çalışacağam. Birincisi, belə bir fikir vardır ki, MB çətin vəziyyətdə olan bütün banklara maliyyə dəstəyi göstərməlidir. Yanlış fikirdir. Belə olsaydı dünyada bir çox bank iflas olmazdı, Mərkəzi Banklar onları xilas etmək üçün vəsait verərdi. Nəzərə alsaq ki, bir çoxları pullarını özləri çap edir. Belə mümkün deyil. Mərkəzi Bank bir banka vəsait ayırması üçün bir çox mikro və makro amilləri nəzərə almalıdır. Mikro amillər həmin bankın bu vəsaitlə vəziyyətdən çıxıb-cıxmayacağı, bu vəsaitə hansı səbəbdən ehtiyacının olması, həmin vəsaitin aktivlərə və kapitala nisbəti və sairdir. Makro amillər isə, ölkədə inflyasiya dərəcəsi, vəsait ayrılmazsa və bankda problem yaranarsa sistem riskinin yaranıb yaranmaması, bankın iflasının dövlət, əhali və sektor üçün maliyyəti və sair onlarca səbəblər. Lakin, mütəq bir şəkildə həll olunması vacib olan bir məsələ vardır. Banklarası pul bazarının formalaşması (banklararası ikitərəfli kreditləşmə ilə səhv salmayaq). İlkin mərhələdə Mərkəzi Bank anderayter rolunu oynamalıdır. Burada çaşdırıcı və digər bankları narahat edən məqam zəif banklarla bağlıdır. Lakin, həmin bazarda hansı bankların iştirakı müəyyən normativ tələblər əsasında Mərkəzi Bank tərəfindən müəyyən edilə bilər. Bu halda sistem riskinin yaranması riski də minimuma enər. Bunlar olmadıqca uçot dərəcəsinin kredit faizlərinə təsiri minimum olacaqdır.

  • Banklarda problemli kreditlərin dinamikası necədir, bu il üçün hansı gözləntilər var?

Qısa cavab versək, problemli kreditlərin artım dinamikası zəifləyib, ehtiyat ayırmaları çoxalıb və bir çox risklər yumşaldılıb, yüksək kapitallaşma aparılıb. Təkcə keçən il bank sektorunda 900 milyon manat civarında əlavə kapitallaşma olub, məlumatlara görə 400 milyon kapital artımı üçün müraciətlərə baxılır. Müsbət və təqdirəlayiq tendensiyadır. İndi isə problemli kreditlərlə bağlı digər bir riskə nəzər salaq. Problemli kreditlərin nominal artımının olması böhran zamanı və böhrandan sonra normaldır. Lakin, portfeldə çəkisi nominal artımdan o zaman daha yüksək olur ki, kreditləşmənin tempi problemli kreditlərin artım tempindən az olsun. Hazırda bu temp ümumiyyətlə çox zəifdir. Ölkədə kreditləşmə zəif olduğu üçün çəki artımının daha yüksək görünmə riski vardır ki, bu da yanlış olaraq mənfi əhvali-ruhiyyənin yaranmasına və yanlış təhlillərə səbəb ola bilər. Peşəkarlar yaxşı bilir ki, biznesin davamlılığı amili zəiflədikdə və ya qırıldıqda təsirləri bəzən ölümcül olur. Bu səbəbdən optimal yol budur ki, banklar daha mükəmməl mexanizmlərlə daha sağlam kreditləşməni həyata keçirir, paralel olaraq problemli kreditləri mərhələləli və tədricən həll etməyə imkan tapırlar. Bunun üçün isə bankların daha ucuz maliyyə resurslarına ehtiyacı vardır. Bu resursların xaricdən cəlbi əlavə valyuta (kurs fərqi) riski yaratdığı üçün düşünürəm ki, optimal yol Mərkəzi Bank tərəfindən resursların ayrılmasıdır.

  • Kredit Bürosunun yaradılması banklarda kredit risklərinin azaldılmasına necə təsir göstərəcək?

Ümumiyyətlə effektiv kredit bürosu kredit risklərinin yumşaldılmasına birbaşa təsir edən faktordur. Kredit Bürosunun işi yaxşı və daha mükəmməl qurularsa, banklara müştərilərini daha obyektiv təhlil etməyə, tanımağa və müştərilərin maliyyə vəziyyətini daha şəffaf görməyə imkan verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır