Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Rusiya iqtisadiyyatının inkişaf modelinin dəyişdirilməsi barədə açıqlama verib.
Rusiya iqtisadiyyatının yeni inkişaf modelinə keçid etdiyini deyən E. Nabiullinanın sözlərinə görə, neft iqtisadiyyatının süqut etməsi və bərpa üçün uzun müddətin tələb olunması digər inkişaf yollarına yönəlməyi vacib hala gətirib.
“İqtisadiyyat yeni inkişaf modelini yoxlamağa başlayır” – deyə E.Nabiullina bazar ertəsi baş tutan Dövlət Dumasının 3 İqtisadi Komitəsinin birgə iclasında bildirib.
Sədr keçmiş iqtisadi modelin xammal ixracı, istehlakın canlandırılması və kreditləşdirilməsinə yönəldiyini qeyd edib.
Onun sözlərinə görə, bu faktorlar özünü neftin qiymətinin düşməsindən sonra azalan artım tempində sübut edib.
E. Nabiullina Mərkəzi Bankın mütəxəssislərinin iqtisadi bərpanın əlamətlərinin müşahidə etdiklərini və ÜDM-də gələn il artım olacağını gözlədiklərini, lakin struktur dəyişiklikləri olmadıqda, iqtisadiyyatın artım tempinin önümüzdəki illərdə 2% -dən aşağıda qalacağını əlavə edib.
“İqtisadiyyatın bərpası uzun vaxt ala bilər, belə ki, burada neftin qiymətlərindən fərqli digər amillər də mövcuddur. Müxtəlif sektorlarda və ölkənin müxtəlif bölgələrində vəziyyət hələ də qeyri-sabit olaraq qalır. Biz iqtisadiyyatın inkişaf modelinin dəyişdirilməsi haqqında danışarkən bütün bu amillərə bələdik”, – deyə sədr qeyd edib.
Sədrin sözlərinə görə, Mərkəzi Bankın əsas məqsədi investisiyanın daxili mənbələrinin formalaşdırılması üçün sabit maliyyə mühitinin təmin edilməsidir.
“Bizim fikrimizcə layihələrin dövlət tərəfindən güzəştli maliyyələşdirilməsi, yumşaq pul siyasəti ilə iqtisadi artımın təmin edilməsi haqqında fikirlər təhlükəlidir. Bu, inflyasiyanın sürətlənməsinə və insanların gəlirlərinin və əmanətlərinin real olaraq azalmasına gətirib çıxara bilər.
Qeyd edək ki, 2016-ci il oktyabrın əvvəlində, “Rusiya Çağırır” Forumunda çıxış edərkən Nabiullina Rusiyanın “Yığım və İnvestisiya” yönümlü yeni iqtisadi modelə ehtiyacı olduğunu söyləmişdi.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış 2035-ci ilədək Rusiyanın sosial-iqtisadi İnkişafının hədəf ssenari investisiya yönümlü artım modelidir. Bu ssenari altında, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının dəstəklənməsi, eləcə də xərclərin azaldılması və şirkətlərin gəlirlərinin artımı 2019-cu ilədək ÜDM-nin 4%-lik artımını təmin etməlidir.