Sahibkarlar üçün yeni imkan: Lisenziyaların alınması sadələşdirilib

14 mart 2018-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalının istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə lisenziya və icazə verən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, informasiya sistemləri vasitəsilə portala inteqrasiya olunan təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin stimullaşdırılması, lisenziyalar və icazələr sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan kompleks islahatlar barədə məlumat verib. Qeyd edilib ki, bu islahatların tərkib hissəsi olaraq, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı 330-dan 86-ya endirilib, yeni verilən və qüvvədə olan müddətli lisenziyalar müddətsiz müəyyən edilib, lisenziyaların verilməsinə görə dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib və prosedurlar sadələşdirilib. Nazir müavini bildirib ki, “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Lisenziyalar və icazələr” portalı hazırlanıb. Ötən ilin dekabrında ilkin təqdimatı keçirilən portal sahibkarların rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilib və artıq sahibkarların istifadəsinə verilib.

Artıq www.lisenziya.gov.az ünvanına müraciət etməklə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların elektron qaydada verilməsi üçün portal vasitəsilə müraciətlərin qəbulu, aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi mümkündür.

Portalın iştirakçıları olan dövlət qurumları və sahibkarlar portaldan istifadə etmək üçün elektron imzaya malik olmalıdır. Portalda lisenziya və icazə sistemini tənzimləyən hüquqi aktlar, sahibkarlıq sahəsinə aid hüquqi aktların layihələri, “Sorğu və təkliflər”, “Xəbərlər” bölmələri yaradılıb ki, istifadəçilər həmin bölmələrdə yerləşdirilən məlumatlarla tanış ola, portal vasitəsilə lisenziya və icazə verən orqanlara sorğu və təkliflər göndərə, portalda yerləşdirilən hüquqi aktların layihələrinə dair təkliflər verə bilərlər. İstifadəçilər “Haqqımızda” bölməsinə daxil olmaqla yazılı və video təlimatlar vasitəsilə portaldan istifadə qaydaları ilə tanış ola bilərlər.

Bildirilib ki, portalın elektron xidmət platforması kimi istifadəyə verilməsi lisenziya və icazələrin alınması üçün sahibkarlara daha rahat imkanların yaradılmasını təmin edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Hikmət Ələkbərov çıxışında yeni portalın istifadəyə verilməsinin sahibkarlar üçün rahat və əlverişli imkanların, lisenziyalar sahəsində xidmətlərə vahid məkandan əlyetərliyin artmasına şərait yaratdığını vurğulayıb, bu sahədə İqtisadiyyat Nazirliyi ilə birgə fəaliyyətin davam etdiriləcəyini qeyd edib.

Tədbirdə sahibkarlıq fəaliyyəti növü üzrə lisenziya almaq istəyən şəxslər tərəfindən portal vasitəsi ilə İqtisadiyyat Nazirliyinə müraciətin göndərilməsi və qəbulu prosesi nümayiş olunub.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2 noyabr 2015-ci il tarixindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziya tələb olunan fəaliyyət növləri üzrə lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb və indiyədək 5311 lisenziya verilib ki, bunun da 2719-u yeni verilən, 2592-si isə müddətsiz lisenziya ilə əvəz edilən və yenidən rəsmiləşdirilən lisenziyalardır.

Sonda sahibkarların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır