Sahil Babayev: Əmək və sosial müdafiə sahəsində görülən işlərin əsasında şəffaflığın, sosial ədalətin tam təmin olunması və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi dayanmalıdır.
Ölkəmizdə müsbət demoqrafik vəziyyətin, əhalinin təbii artım tempinin davam etdiyini vurğulayan nazir demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin gücləndirilməsinin, qabaqcıl beynəlxalq təcrübədən geniş istifadənin zəruruliyini diqqətə çatdırıb.
S.Babayev əmək bazarında məşğulluq imkanlarının genişlənməsi və əmək haqlarının artımı ilə müşahidə olunan sosial-iqtisai inkişaf proseslərinin məcburi dövlət sosial sığorta daxilolmalarına da müsbət təsirini qeyd edib. Nazir bildirib ki, sosial sığorta daxilolmalarında artım tempinin təmin olunmasına, müvafiq proqnoza əməl olunmasına yönələn sistemli tədbirlərin həyata keçirilməsi vacibdir. Bu sahədə qeyri-formal məşğulluq hallarının aradan qaldırılması, əməyin leqallaşdırılması kimi vacib hədəflərə doğru yönələn tədbirlərlə paralel, sosial sığorta münasibətlərində səmərəli idarəetmənin təşkilinə və şəffaflığın tam təmin olunmasına da xüsusi diqqət yetirilməlidir.
Ünvanlı dövlət sosial yardım sisteminin aztəminatlı ailələrin müdafiəsində önəminə toxunan S.Babayev vurğulayıb ki, ilk növbədə sosial yardım sistemində ədalətlilik, şəffaflıq, dövlət vəsaitlərinin yönəldilməsində ünvanlılıq prinsiplərinin güclənməsi diqqətdə saxlanılacaq. Digər tərəfdən, sosial yardım alan aztəminatı ailələrin məşğulluq potensiallarının öyrənilməsi yolu ilə onların gəlir imkanlarının artırılmasına özünüməşğulluq proqramı çərçivəsində dəstək üçün konkret işlər görülməlidir.
Əlillərin sosial müdafiəsinin ölkədə aparılan siyasətin əsas istiqamətlərindən olduğunu bildirən S.Babayev diqqətə çatdırıb ki, dövlət başçısının xüsusi qayğısı nəticəsində bu təbəqədən olan insanlar üçün tibbi-sosial reabilitasiya sistemi də müasirləşdirilir. Hər il xeyli sayda əlil vətəndaş bərpa-mülicə xidmətləri ilə təmin edilir. Lakin, bununla belə əlillər arasında reabilitasiya səviyyəsinin artırılmasında, reabilitasiyanın davamlı xarakter almasında müəyyən durğunluğun aradan qaldırılması, eyni zamanda, əlilliyin təyinatı prosesində şəffaflığın tam təmin olunması, süründürməçiliyə yol verilməməsi, əlilliyi olan şəxslərin məmnuniyyətinə nail olunması da əsas fəaliyyət istiqamətləri sırasında olmalıdır.