Tədiyə Balansı nədir?

Ölkəyə daxil olan və çıxan valyutanın həcmini, o cümlədən, ölkənin dünyanın geridə qalan hissəsi ilə apardığı ticarət əməliyyatlarını, investiisya qoyuluşlarını, həmçinin pul köçürmələrini, xaricdən əldə edilən divident ödənişlərinin həcmini, eləcə də humanitar yardımları və s. biz Tədiyə Balansı vasitəsi ilə izləyə bilərik. Bekə ki, Tədiyə Balansı ölkənin xariclə apardığı bütün əməliyyatların pul formasında əks etdirildiyi hesablar toplusudur.

Bir məsələni dəqiq bilməyik ki, təkcə idxal-ixrac əməliyyatları ölkəyə daxil olan və çıxan xarici valyuta haqqında tam məlumat verə bilmir. Çünki, ölkəyə xaricdən yaşayan bir şəxs ailəsi üçün pul da göndərə bilər, xarici şirkət gəlib ölkədə yeni zavod da tikə bilər,  xarici vətəndaş bu ölkədəki hər hansı bir bankına depozit də yerləşdirə bilər. Bütün bunları nəzərə alaraq, sırf idxal-ixrac əməliyyatlarının əks etdirildiyi xarici ticarət balansına baxmaqla ölkəyə gələn və gedən xarici valyutanın həcmini dəqiq müşahidə etmək olmur. Burada daha optimal variant Tədiyə Balansına baxmaqdır. Çünki, Tədiyə Balansı xarici ticarət balansından da genişdir və onunla birlikdə həm ölkələrarası kapital və maliyyə axınını, həm də ölkədəki valyuta ehtiyatlarının necə dəyişdiyini də əks etdirir. Başqa sözlə, bu balans bizə ölkəyə istənilən bir mənbədən daxil olan və çıxan xarici valyutanın həcmini izləməyə imkan verir.

Göründüyü kimi Tədiyə Balansı olduqca genişdir və bu səbəbdən onu hissələrə bölürlər. Azərbaycan Mərkəzi Bankının təsnifatına əsasən, Tədiyə Balansı aşağıdakı hissələrdən ibarətdir:

– Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş ilkin gəlirlər (əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər) və təkrar gəlirlər (pul baratları – köçürmələri, humanitar yardımlar, qrantlar və s.) aiddir.

Kapitalın hərəkəti hesabı – bu hesab əsasən ölkənin qalan dünya ilə istehsal edilməmiş qeyri-maliyyə aktivlər üzrə əməliyyatlarını (məsələn, idmançıların transferləri), həmçinin kapital yönümlü digər transfertləri (məsələn, avadanlıq formasında edilmiş humanitar yardım) əks etdirir.

Maliyyə hesabı – Maliyyə hesabı ölkənin xalis xarici maliyyə aktivlərini və xalis xarici maliyyə öhdəliklərini əks etdirir. Buraya müxtəlif növ sərmayə axınları, yaranmış maliyyə öhdəlikləri və tələbləri aiddir (birbaşa (məsələn, bina tikintisi) və portfel (məsələn, qiymətli kağız) investisiyalar, kreditlər və ssudalar, nağd valyuta və depozitlər və digər).

Ehtiyat aktivlər – bu maddə cari əməliyyatlar və kapital hesabı, maliyyə hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Belə ki, əgər ölkəyə gələn puldan daha çoxu və ya azı çıxıbsa, bu ölkənin ehtiyatlarına təsir edəcəkdir. Burada  Mərkəzi Bankın ehtiyatları da nəzərdə tutulur. Bu hesabda “+” işarəsi göstərilirsə,  demək ki, əvvəlki 3 hesabın cəmində ölkədən əlavə xarici valyuta getməli olub və ehtiyatların bir həssi bazara çıxarılıb (+ buradan gəlir), nəticədə ehtiyatları azalıb. Əksinə “-“ göstərilirsə, demək ki, əvvəlki 3 hesabın cəmində ölkədə əlavə valyuta yaranıb və əlavə pul ehtiyatlara cəlb edilib, nəticədə ehtiyatları artıb.

Balanslaşdırıcı maddələr – Nəzəri baxımdan yuxarıda göstərilən hesab növlərinin cəmi “0”a bərabər olmalıdır.  Çünki, əlavə pul bizim ehtiyatımıza gedir, əksinə əksiklik isə ehtiyatlar hesabına bağlanır. Yəni hər iki halda Tədiyə Balansının hesablarının cəmində “0” olmaıdır. Lakin reallıqda heç bir ölkənin tədiyə balansının tərtibatında bu maddənin “0”-a enməsinə nail olmaq mümkün deyildir. Xüsusilə ölkənin xarici iqtisadi əlaqələrinin sürətlə genişlənməsi şəraitində bir sıra əməliyyatların dəqiq qeydiyyatını aparmaq daha da çətin olur (informasiyanın tam olmaması, informasiya mənbələri arasında vaxt intervalı, qiymətləndirmələrdə kənarlaşmalar və s.). Əksər hallarda bir əməliyyatın kredit və debet tərəflərini qeyd etmək üçün müxtəlif informasiya mənbələrindən istifadə olunur. Bu mənbələrin biri və ya bir neçəsi natamam olduqda müəyyən fərq yaranır. Bu fərqlərin cəmi yekunda balanslaşdırıcı maddələr hesabına bağlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır