Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) maliyyə sektorunda fəaliyyət göstərən pərakəndə satış müəssisələrinə Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (reyestr) iş prinsipi haqqında təlim keçirilib. Təlimdə pərakəndə satış müəssisələrindən 15 nəfərdən çox nümayəndə iştirak edib.
Reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə məlumat verilib, həmçinin reyestrin elektron portalının iş prinsipi təlim iştirakçılarına detallı izah edilib. Bildirilib ki, cari ilin 15 mart tarixində istifadəyə verilmiş və https://mpcr.fimsa.az/ internet səhifəsində fəaliyyət göstərən Reyestrə 10,000-dən çox bildiriş daxil edilib.
Müzakirələr zamanı bildirilib ki, maliyyə sektorunda çalışan qurumlara və sahibkarlara Palata tərəfindən Reyestrin istifadəsinin tətbiqi üzrə mütəmadi olaraq məlumat dəstəyi göstəriləcəkdir.
Qeyd edək ki, daha öncə Reyestrin iş prinsipi üzrə təlim bank, kredit təşkilatları, kredit ittifaqları və lizinq şirkətləri üçün keçirilib.