Turizmin inkişafı haqqında məlumat açıqlanıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 2208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 31,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 9,2 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,0 faizi Səudiyyə Ərəbistanı, 2,7 faizi İraq, 2,0 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 65,3 faizini kişilər, 34,7 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 8,4 faizi yanvar, 7,5 faizi fevral, 12,5 faizi mart, 9,9 faizi aprel, 9,4 faizi may, 12,2 faizi iyun, 15,0 faizi iyul, 14,6 faizi avqust, 10,5 faizi isə sentyabr ayında ölkəyə gəlib.

Cari ilin yanvar-sentyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 2,0 dəfə, Qətər vətəndaşlarının sayı 1,7 dəfə, İraq vətəndaşlarının sayı 14,4 faiz, Oman vətəndaşlarının sayı 7,6 faiz artmışdır. İrandan gələnlərin sayında 32,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilmişdir. Ümumilikdə Körfəz ölkələrindən 467,8 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

2018-ci ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  8,9 faiz artaraq 88,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 813,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1 faizi dəmir yolu və avtomobil, 42,9 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.

2018-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 3562,9 min nəfər olub. Ölkə vətəndaşlarının 30,7 faizi İrana, 30,3 faizi Gürcüstana, 19,4 faizi Rusiya Federasiyasına, 13,2 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 66,4 faizi kişilər, 33,6 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 53,2 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 1,4 faiz, Türkiyəyə gedənlərin sayı 1,3 faiz azalıb.

Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,3 faizi dəmir yolu və avtomobil, 18,9 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır