2018-ci ilin oktyabr ayının 17-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin iqtisadiyyat nazirlərinin 8-ci iclası keçirilib. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.
BBN.az xəbər verir ki, görüşdə Şura üzvü olan dövlətlər arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, ortaq sərmayə qoyuluşuna dair imkanlarına dair müzakirə aparılıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatı, üzv ölkələrlə iqtisadi sahədə həyata keçirilən layihələr, qarşılıqlı investisiya qoyuluşları və ticarət əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə Şuraya üzv olan dövlətlər arasında iqtisadi əlaqələrin davamlı inkişaf etdiyi vurğulanıb, görüşdə aparılan müzakirələrin əməkdaşlığın enişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.