Uçot dərəcəsi iqtisadiyyata necə təsir edir?

Biz tez-tez mərkəzi bankların uçot dərəcəsini artırıb-azaltdığının şahidi oluruq. Buna ən bariz nümunə kimi son dövrlərdə mətbuatı məşğul edən FED-in (FES) açıqlamalarını göstərə bilərik.

Bəs, uçot dərəcəsi nədir? Onun dəyişməsinin iqtisadiyyata, maliyyəyə və bizə nə kimi təsirləri var?  FED özü nədir?

İlk suala cavab kimi deyə bilərik ki, uçot dərəcəsi yenidən maliyyələşdirmə alətidir. Yəni, mərkəzi bankın kommersiya banklarını pul kütləsi ilə təmin etməsidir. Daha sadə dillə desək, mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

İkinci sual hər kəsi maraqlandıran əsas sualdır. Öncə, uçot dərəcəsi artdığı zaman nələr olacağına nəzər yetirək: Uçot dərəcəsi artarsa,  ölkədəki kommersiya banklarının vətəndaşlara və hüquqi şəxslərə verdiyi kreditlərin faiz dərəcələri artacaq. Nəticədə daha az adam kredit götürəcək, iqtisadiyyatda pulun həcmi azalacaq. Bu isə inflyasiya və iqtisadi artımın aşağı düşməsinə gətirib çıxaracaq.

Əgər uçot dərəcəsi azalarsa, kommersiya banklarının faiz dərəcələri aşağı düşəcək.Faiz dərəcəsinin aşağı düşməsi kredit götürmək imkanlarını artıracaq. Yəni, istəyən şəxsin rahat kredit götürməsi pulun həcminin çoxalmasına gətirəcək və inflyasiya dərəcəsi çoxalacaq.

Uçot dərəcəsinin artması milli valyutanın digər valyutalar qarşısında dəyər qazanmasına gətirib çıxarır. Buna misal olaraq Azərbaycan Mərkəzi Bankının son dövrlərdəki uçot siyasətini göstərə bilərik ki, bu da manatın sabit qalmasına yönəlmiş siyasətdir.

son suala cavab olaraq uçot dərəcəsi ilə “istədiyi kimi hərəkət edən” , onu “istədiyi kimi dəyişən” FED-in nə olduğuna nəzər salaq.

FED  ingilis dilində Federal Reserve System, yəni Federal Ehtiyatlar Sistemi (FES) mənasındadır. Əsasən FED kimi işlənir. FED ABŞ-ın Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturudur. Kapital forması şəxsi olsa da, idarəsində dövlətin böyük rolu var.

FED-in hüququ statusu xüsusi qanunla tənzimlənir.Qanuna görə FED xüsusi maliyyə təsisasıdır,həm müstəqil hüquqi şəxsdir, həm də ictimai xarakterli dövlət nümayəndəsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır