Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 14 iyun 2018-ci il tarixindən uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul edib.
BBN.az xəbər verir ki, faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində müəyyən edilib.
Faiz dəhlizinin parametrləri haqda qərar son makroiqtisadi proseslərin təhlili və yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul edilib. 2018-ci ilin ötən dövründə inflyasiya elan edilmiş hədəf diapozonundan aşağı səviyyədə qərarlaşmış, dünya enerji daşıyıcıları bazarında əlverişli qiymət trayektoriyası fonunda tədiyə balansı profisitli olaraq qalır və iqtisadi aktivlik üzrə müsbət dinamika davam edir. Son makroiqtisadi proqnozlar göstərir ki, qarşıdakı dövrdə monetar şəraitin normallaşma dinamikası xarici və fiskal sektorda gedən proseslərdən asılı olacaqdır.
Qeyd edək ki, faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin avqust ayında müzakirə ediləcək.