Noyabrın 24-də Vergilər Nazirliyinin Tədris Mərkəzində Şamaxı rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Vergilər nazirinin müşaviri – Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov ötən ilin sonunda dövlət başçısının müvafiq fərmanına uyğun olaraq hazırlanmış 12 strateji yol xəritəsi barədə danışaraq, onun sahibkarlığın inkişafına mühüm töhfə verdiyini bildirib.
Qeyd olunub ki, bu xəritələrdə nəzərdə tutulan strateji hədəflərə çatmaq və yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək, ölkədə sahibkarlığın və investisiyaların təşviqi, ixracın stimullaşdırılması, biznesin dəstəklənməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə vergi sistemində, vergi qanunvericiliyi və inzibatçılığı sahələrində islahatlar daha da sürətləndirilib.
Həmçinin bildirilib ki, Vergilər Nazirliyi sahibkarların maarifləndirilməsi və məlumatlandırılmasını, eləcə də təbliğat işinin çeşidinin və keyfiyyətinin artırılmasını daim diqqətdə saxlayır. Kiçik sahibkarlar üçün ünvanlı xidmətlərin sahə müvəkilliyi prinsipi əsasında aparılması, bu işə ictimaiyyətin aktiv üzvlərinin, o cümlədən, vergi veteranları, vergi dostları, ziyalılar, gənclər, sahibkarların ictimai təşkilatları və vergi agentlərinin cəlb olunması, normativ sənədlərin, uçotun sadələşdirilməsi, nəzarət tədbirlərinin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirilir.