İyulun 31-də Bakı Biznes Mərkəzində “Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi – Yaşıl Dəhliz” mövzusunda “dəyirmi masa” keçirilib.
BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə təşkil etdiyi tədbirdə bu qurumların, eləcə də “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri və biznes subyektlərinin təmsilçiləri iştirak edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi tədbirlər, sənayeləşmənin inkişafına göstərilən dövlət dəstəyi və bu istiqamətdə görülən işlərin əhəmiyyətindən danışıb. Sənaye parklarının yaradılması, sahibkarlara gömrük və vergi sahəsində güzəştlərin edilməsi, lisenziyaların, icazə sənədlərinin sayının azaldılması və sadələşdirilməsinin münbit biznes mühitinin yaradılmasında mühüm rol oynadığı vurğulanıb, gömrük orqanlarının da bu istiqamətdə önəmli islahatlar və yeniliklər həyata keçirdiyi diqqətə çatdırılıb.
Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov ölkə iqtisadiyyatı və xarici ticarətin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən atılan zəruri addımlardan bəhs edib. Gömrük orqanları tərəfindən son zamanlar idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, münbit biznes mühitinin yaradılması üçün görülən işlər barədə məlumat verilib.
Sonra “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqindən bəhs edən Səməd Qaralov, tədbir iştirakçılarını qanunvericilikdə edilən dəyişikliklər, informasiya texnologiyalarının tətbiqi, gömrük əməkdaşlarının potensialının artırılması, gömrük nəzarətinin sadələşdirilməsi sahəsində görülən kompleks işlər barədə məlumatlandırıb. Baş İdarənin rəisi, eyni zamanda, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə qaydaları, bu sistemin sahibkarlıq subyektlərinə faydaları, şəffaflığın təmin olunmasındakı rolu barədə danışıb.
Daha sonra “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədr müavini Nadir Adilov mövzu ilə bağlı çıxış ediblər.
Tədbirdə “Yaşıl Dəhliz Xidməti” layihəsinin təqdimatı keçirilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonda “Sumqayıt Kimya Sənaye Parkı” MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Təmiz Şəhər” ASC və “Yaşıl Dəhliz Xidməti” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.