Yeni tətbiq ediləcək icbari sığorta üçün modelin hazırlanması qərara alındı

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun görüşü keçirilib.

BBN.az xəbər verir ki, görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, Birliyin sədr müavini və digər nümayəndələri, “A-Qroup Sığorta” Şirkəti, “Atəşgah Sığorta” Şirkəti, “AXA MBASK Sığorta” Şirkəti, “PAŞA Sığorta” Şirkətinin nümayəndələri və sahə üzrə mütəxəssislər, həmçinin, “Caspian Legal Center” hüquq şirkətinin nümayəndələri iştirak edib.

Görüş zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ölkələrin təcrübəsi Birlik tərəfindən təqdimat edilib. Təqdimat zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ABŞ, Avropa ölkələri, İsveç, Türkiyə, Sinqapur və Hindistan və s. ölkələrin təcrübəsinə əsaslanan məlumatlar verilib və daha sonra təqdimat geniş şəkildə müzakirə edilib.

Görüş iştirakçıları beynəlxalq təcrübə əsasında uyğun modelin müəyyən edilməsi və onun yerli şəraitə uyğunlaşdırılaraq Azərbaycanda həkimlərin peşə məsuliyyəti sığortasının icbari tətbiqinin zəruriliyini qeyd ediblər.

Görüşün yekununda bu sahədə işlərin davam etdirilməsi, beynəlxalq təcrübə əsasında uyğun modelin hazırlanması, həmçinin, bu istiqamətdə müvafiq addımların atılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır