ƏƏSMN-də Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə görüş olub

 

Əmək müfəttişliyi sistemində qabaqcıl dünya təcrübəsi əsasında risk əsaslı nəzarət mexanizminin formalaşdırılması həmin sistemin səmərəliliyinin artırılmasında vacib amillərdən biridir. Bu sahədə Beynəlxalq Maliyyə Korporasiyası (İFC) tərəfindən göstərilən ekspertiza dəstəyi xüsusi önəm kəsb edir.

Bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdəİFC-nin Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə Baş regional meneceri  Yan van Bilsen və təşkilatın digər nümayəndələri ilə görüşdə deyib.

S.Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının və fəaliyyətinin səmərəliliyinin artırılması üçün risk əsaslı nəzarət mexanizminin yaradılması işlərinin aparıldığını deyib. O bu sahədə işlərə  dəstək məqsədilə ötən dövr ərzində İFC tərəfindən 4 ekspert missiyasının Azərbaycanda səfərdə olduğunu bildirib. Nazir Xidmətin risk əsaslı nəzarət modelinə keçidi üçün zəruri institusional bazanın hazırlanmasında İFC ekspertlərinin qabaqcıl dünya təcrübəsindən irəli gələn tövsiyələrinin əhəmiyyətini qeyd edib. 

İFC-nin “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi”ndən də bəhs olunub. Layihənin əmək müfəttişlərinin peşə bacarıqlarının artırılmasına, risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyaların və prosedurların mənimsənilməsinə və s. dəstək baxımından da önəmi vurğulanıb.

Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, hazırlanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında Anlaşma Memorandumu” layihəsi müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır